Azərbaycan prezidenti İsveçin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın etimadnaməsini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, səfir İnqrid Tersman fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

 

Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib və bunun üçün yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, bu sahədə yeni imkanların araşdırılmasının önəmini də vurğulayıb. Azərbaycanın yerləşdiyi regionda müəyyən iqtisadi çətinliklərin, eləcə də Avropada bəzi problemlərin müşahidə olunduğunu qeyd edən dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin regional əməkdaşlığın gücləndirilməsi işinə də töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu əlaqələrin ikitərəfli münasibətlərimizin gündəliyində saxlanmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Səfir İnqrid Tersman İsveç kralı Əlahəzrət XVI Karl Qustavın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycanla mövcud dialoqu genişləndirmək niyyətində olduğunu deyib. Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv