Nizami rayonunda yeni yarımstansiya istifadəyə verilib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən yarımstansiya ilə tanış olub. Bu, Bakıda elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində görülən işlərin tərkib hissəsidir. “Bakıelektrikşəbəkə” ASC-nin İdarə heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti Dispetçer İdarəetmə Mərkəzindən yarımstansiyanı işə salıb. Yarımstansiya Heydər Əliyev adına Neft Emalı Zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təmin etmək üçün 1980-ci ildə inşa edilib. Ancaq ötən müddətdə yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurub. Yarımstansiya əvvəllər açıq tipli paylayıcı qurğusu və yardımçı binaları ilə birlikdə 5 min kvadratmetrdən artıq ərazini əhatə edirdisə, əsaslı yenidənqurma işlərindən sonra yeni qapalı tipli yarımstansiya 1800 kvadratmetrdən artıq ərazidə yerləşib. Prezident yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub.