Niderlandda miqrantlara qarşı keçirilən nümayiş dağıdıldı
Niderland polisi Hes şəhərində qaçqınların qəbulu mərkəzinin tikintisinə qarşı keçirilən nümayişi dağıdıb.
APA TV-nin xəbərinə görə, etiraz aksiyası şəhər şurasının toplantısı ilə eyni vaxtda başlayıb.
Əvvəlcə aksiya sakit atmosferdə keçsə də, bir müddət sonra kütlə şüarlar səsləndirib. Aksiya iştirakçıları fişəng yandırıblar və bələdiyyə binasına yumurta atmağa başlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təyinatlıları əraziyə çağırıblar. Bələdiyyə işçiləri təxliyə edilib. Şəhər şurasının yarımçıq qalan iclası başqa yerdə davam etdirilib.
Şəhər hökuməti 500 qaçqını qəbul etmək üçün mərkəz inşa etməyi planlaşdırır. Yerli sakinlər isə hesab edirlər ki, Hes şəhəri üçün 500 qaçqın çoxdur. Şəhərin 28 min əhalisi var.
Xatırladaq ki, ötən ilin noyabrında Verden şəhərində qaçqınlar üçün müvəqqəti düşərgəyə yumurta və məşəllər atılmışdı. Niderlandın baş naziri Mark Rütte bu hərəkətləri pisləmişdi.