Bakıda poçt şöbələrindən oğurluq edən dəstə ələ keçdi

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl Şahid Səmədov küçəsində “Azərpoçt” MMC-in 3 saylı filialının 32 saylı poçt şöbəsindən oğurluq etmiş şəxslər saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, bunlar Bakı şəhər sakinləri - 21 yaşlı Tamerlan Məmmədov, 19 yaşlı Zöhrab Məmmədov və Beyləqan rayon sakini Qarakişi Əliyevdir.

 

Saxlanılan şəxslər ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər oğurluqlarda da iştirakı üzə çıxıb. Belə ki, onlar yanvarın 15-nə keçən gecə Aşıq Ələsgər küçəsində Müşfiq Hüseynova məxsus mağazadan 800 manat pul və 10 500 manat dəyərində tütün məmulatlarını, həmçinin 3 saylı poçt filialının 123 saylı şöbəsindən vətəndaşlara məxsus 100 ədəd bağlamanı da oğurlayıblar.

 

Tamerlan Məmmədov, saxlanılan şəxs: “Birinci poçtdan 200 dollar pul götürmüşük. Seyfin içərisindən 200 dollar pul çıxdı. O biri poçtdan heç nə götürməmişik. Bir də marketə girmişik. Oradan da 20-25 blok siqaret götürmüşük”.

 

Qarakişi Əliyev, saxlanılan şəxs: “Qaqaş, mən taksi kimi getmişəm. Aparıb onları düşürmüşəm, sonra çıxıb getmişəm. Onların hara getdiyindən xəbərim yox idi. Sonra zəng elədilər ki, gəl bizi götür. Getdim onları götürdüm, xəbərim yox idi hara gediblər, hara gedirlər, neyləyirlər. Taksi kimi getdim, gətirdim düşürtdüm Əhmədlidə, özüm də çıxdım getdim”.

 

Faktla bağlı Cinayət Məcəlləsinin “oğurluq” maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv