“AzərRos” diaspor təşkilatları siyahısından çıxarıldı
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”u diaspor təşkilatları siyahısından çıxarıb.
Faktla bağlı Dövlət Komitəsinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “AzərRos”un Komitə ilə əməkdaşlıq etmək istəyi müşahidə olunmadığından bu təşkilatın adı siyahıdan çıxarılıb.
Qeyd edək ki, DİDK sədri Nazim İbrahimov bir müddət əvvəl APA-ya müsahibəsində “AzərRos”la bağlı suala cavab olaraq bildirib ki, Abbas Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin özünün ağsaqqalı olduğunu, Azərbaycan rəhbərliyinin siyasətini dəstəklədiyini bəyan edir: “Bizim üçün də bu bəyanatlar təqdirəlayiqdir. Amma hər kəsin verdiyi bəyanatla əməli işi uyğun gəlməlidir. Bu tipli bəyanatlar verən Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil”.