Anası ilə qətlə yetirilən kişi "Biznes Dialoq" klubunun rəhbəridir - TƏFƏRRÜAT

Bakıda qətlə yetirilən ana və oğlu ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qətlə yetirilən 1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova şahmat müəlliməsi olub.

 

Onun oğlu, 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmov isə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra sahibkarlıqla məşğul olub. "Biznes Dialoq" klubuna rəhbərlik edən Aleksandr Məhərrəmov ölkənin tanınmış biznes təlimçilərindən və marketoloqlarından biri olub. Bunu şəxsi "Facebook" səhifəsində paylaşdığı fotolar da təsdiqləyir.

 

Qeyd edək ki, bu gecə Nərimanov rayonu Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin meyitləri tapılıb. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

 

Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil. Qonşuların və hadisə şahidlərinin sözlərinə görə, dünən günorta saatlarında Aleksandr Məhərrəmovun təmsil etdiyi "Biznes Dialoq" mərkəzindən iki nəfər məhəlləyə gələrək onun hansı evdə yaşadığı barədə maraqlanıblar. Onlar bildiriblər ki, iki gündür telefonlara cavab vermir və işə gəlmir. Rəhbərlərini axtaran işçilər müqavilələrə qol çəkmək səlahiyyətinin onda olduğunu bildiriblər.

 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv