İran səfiri: "Sanksiyalar heç bir halda çıxış yolu deyil"

"İrana qarşı sanksiyaların aradan qaldırılması bir daha göstərdi ki, sanksiyalar heç bir halda çıxış yolu deyil". APA TV-nin xəbərinə görə, bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün səfirlikdə keçirdiyi mətbuat konfransında səsləndirib.

 

Səfir İran hökuməti və xalqının sanksiyaların ləğv edilməsindən sonrakı gözləntilərindən də danışıb. O qeyd edib ki, İranın bütün bunlardan əsas gözləntisi iqtisadi inkişafdır: "Təbii ki, İran xalqının gözləntisi iqtisadi inkişafdır. İran iqtisadiyyatının dirçəlməsi üçün istehsalata başlamaq lazımdır və biz buna hazırıq. Hər hansı bir iqtisadi dirçəliş üçün üç əsas amil lazımdır. Bunlar kadr potensialı, xammal və mütəxəssislərin olmasıdır. Biz sanksiyaların ləğv edilməsindən sonra xaricdən xammal idxal edə və bununla iqtisadiyyatımızı dirçəldə, eləcə də yeni iş yerləri aça bilərik".

 

Möhsün Pak Ayin İran-Azərbaycan münasibətlərinin gələcəyinə də toxunub: "İran və Azərbaycan neftdən asılılığı azaltmaq istiqamətində ciddi işlər görür. Bu məsələdə rəsmi Tehran və Bakının əməkdaşlıq etməsi vacibdir: Biz neftdən asılılığı azaltmaq üçün bəzi sahələri dirçəltməliyik. Bunlar əsasən, tranzit və yükdaşımalardır. Həmçinin İran və Azərbaycanda kənd təsərrüfatına böyük diqqət yetirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq edə bilərik. Mən iki ölkə arasındakı münasibətlərin gələcəyini aydın görürəm və bu sanksiyaların ləğv edilməsindən sonra münasibətlər daha da genişlənəcəyinə ümid edirəm".

 

Sonda səfir 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov