Elman Rüstəmov: "Dolların məzənnəsi 2 manat olmayacaq"

"Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2-2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir". APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

 

O qeyd edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib: "Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq".

 

Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran E.Rüstəmov "manatın məzənnəsinin proqnozlaşdırılan kəskin üzməsinin qarşısını almaq iqtidarındayıq" deyib. Onun sözlərinə görə, bu gün manatın məzənnəsinə bir neçə amil təsir edir.

 

"Söhbət xarici amillərdən, habelə dollarlaşma prosesi, o cümlədən möhtəkirlərin əhali arasında yaratdığı gözləntilərdir. Əhali bilməlidir ki, Mərkəzi Bank digər hökumət qurumları ilə birgə ölkədə makroiqtisadi vəziyyətin stabilləşməsi, o cümlədən manatın məzənnəsinin dinamikasının, onun proqnozlaşdırılan kəskin üzməsinin qarşısını almaq üçün çox güclü tədbirlər görmək fikrindədir, iqtidarındadır. Beynəlxalq maliyyə qurumları ilə danışıqlar, müəyyən investisiya proqramları, o cümlədən prezidentin nəzərdə tutduğu genişmiqyaslı struktur islahatları proqramı çərçivəsində ölkəyə maliyyə resurslarının cəlb olunması variantlarına da baxılır. Artıq Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər qurumlar beynəlxalq maliyyə qurumları ilə əlaqədədir. Biz bu imkanlardan geniş istifadə edəcəyik".

 

Mərkəzi Bankın rəhbəri bildirib ki, atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub: "Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı. Əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı. Lakin siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Digər tərəfdən, atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir. Dünənki son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı. Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir".

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarının çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. "Bu uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, - deyə E.Rüstəmov bildirib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı