Oqtay Əsədov: "Kredit məsələsinə yenidən baxmaq olar"
Bu gün Azərbaycan Milli Məclisinin 2016-cı il yaz sessiyasında növbədənkənar xüsusi iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan etdikdən sonra dövlət himni səsləndirilib.
İclasda iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib.
Millət vəkili Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb. Lakin onun fikrincə, böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək: "Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər”.
Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb. O, bildirib ki, təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir: "Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: “Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar”.
Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib. Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: “Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.
MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov isə Mərkəzi Bankın problemi olan banklar barədə mütəmadi xəbər verməli olduğunu dilə gətirib.
Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejimi aradan qaldırılmalıdır: "Sahibkar bu gün qulluq mənafelərini aşmağa görə cinayətə məsuliyyətinə cəlb edilir. Halbuki biz bazar iqtisadiyyatında yaşayırıq. İndiyə qədər niyə sahibkarlar mallara qoyduğu qiymətə görə məsuliyyətə cəlb olunmurdu? Sahibkar vergidən yayınacaqsa, onsuz da məsuliyyətə cəlb edilə bilər. Amma sahibkara inzibati qaydada deyiləcəksə ki, get məhsulunu bu qiymətə sat, o, yeni istehsal prosesində maraqlı olmayacaq. Eyni zamanda iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejimi aradan qaldırılmalıdır. İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, o ölkələrin vətəndaşları rahat şəkildə gəlib burda pullarını xərcləsinlər, turizm inkişaf etsin. Eyni zamanda bir sıra dövlət qurumlarının özəlləşdirilməsinin vaxtı çatıb".
Millət vəkili Zahid Oruc Milli Məclisin iclasında bir neçə dövlət strukturunun bir-birini təkrarladığını dilə gətirib. Belələrinin sırasında Z.Oruc Energetika Nazirliyi və “Azərenerji”nin adını çəkib: “Energetika Nazirliyi niyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var. Elə bil ki, bu nazirliyi bir adama görə yaratmışıq. Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var”.
Millət vəkili Qənirə Paşayeva təklif edib ki, hər bir qurumda "qaynar xət"lər yaradılmalıdır ki, bölgələrdə hansısa problemlər çıxanda əhali həmin qurumları xəbərdar etsin: “İnsanlar hara müraciət edəcəklərini bilməlidirlər. Sabotaj xarakterli məlumatlara operativ cavab verilməlidir. Kim iş yeri açırsa, ona dəstək olmaq lazımdır. Bundan əlavə, işçini ixtisara salanda rəhbərlər bunu araşdırıb etməlidir. Əgər bir ailədən bir adam işləyirsə, onu ixtisara salmaq olmaz".
Spiker Oqtay Əsədov son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda prezident İlham Əliyev tərəfindən iqtisadi sahədə mühüm addımlar atıldığına diqqət çəkib, əlavə edib ki, növbəti islahatlar olacaq: "İqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı prezident tərəfindən parlamentə təqdim olunan layihələri buna misaldır. Prezidentin bu sahədə çox operativ addımları var".
İclasda "Əmanətlərin sığortalanması haqqında", "Əmanətlərin tam sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" qanunlara, Vergi və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilərək qəbul edilib.