Cənub bölgəsində güclü külək: ağaclar aşdı, elektrik xətləri qırıldı
Ötən gecədən başlayaraq cənub bölgəsində əsən güclü külək fəsadsız ötüşməyib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonların infrastrukturuna ciddi ziyan dəyib.
Astara rayonunun Pensər kəndi ərazisində hündürboylu, iri gövdəli çinar və şam ağacları Ələt-Astara magistralına aşdığından, nəqliyyat vasitələrinin hərəkətində təqribən yarım saata kimi sıxlıq yaranıb. Hətta ağaclardan birinin minik avtomobilinin üzərinə aşması təhlükəsi yaşanıb.
Yerli sakinlərin müdaxiləsindən sonra aşmış ağaclar yoldan çıxarılmaqla maşınların normal hərəkəti bərpa olunub. Həmçinin əsən güclü külək yüksək gərginlikli elektrik xətlərini sıradan çıxartdığından, rayonun əksər yaşayış məntəqələri enerjisiz qalıb.
Güclü külək Astara ilə yanaşı, Lənkəran və Lerik rayonlarında yüksək gərginlikli elektrik xətlərinin qırılması, elektrik və telefon dirəklərinin aşmasına, evlərin, yardımçı tikililərin dam örtüklərinin uçmasına səbəb olub. Nəticədə sözügedən rayonlarda da enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.
Güclü külək Lerik rayonunda elektrik təsərrüfatı ilə yanaşı, istinad divarlarının aşmasına səbəb olub.
Lənkəranda isə bu gün səhər saatlarından əsməyə başlayan güclü külək şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən dörd mərtəbəli üç bloklu yaşayış binasının dam örtüyünü uçurub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometeoroloji müəssisəsindən verilən məlumata görə, hazırda bölgədə küləkli hava şəraiti davam edir.