Bakıda jurnalistin evi qarət olundu
Bakıda jurnalistin evi qarət olunub. APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. "Azvision.az" saytının əməkdaşı Elvin Abdulqədirovun Binə qəsəbəsi, "Yeni yaşayış" massivində yerləşən evinə girən oğrular oradan 3 min manat dəyərinə qızıl-zinət əşyalarını, televizor, kompüter, planşet və nağd pul aparıblar. Jurnalistin APA TV-yə verdiyi məlumata görə, hadisə zamanı evdə heç kəs olmayıb. Həyət qapısının çöldən qıfılladığını və həyətdə işığın yanmadığını görən oğrular, hasardan atlanaraq plastik pəncərəni açaraq içəri daxil olublar. Onlar evin bütün otaqlarını alt-üst ediblər. Evdə heç kimin olmadığını fürsət bilən oğrular jurnalistin və həyat yoldaşının nişan üzüyünü də aparıblar.
"Polislərin dediyinə görə, evə yataq otağının pəncərəsindən daxil olublar. Evdə olan qızıl-zinət əşyalarını, televizor, kompüter, planşet bir sözlə, əllərinə nə keçibsə aparıblar. Təxminən qiymətləndirməyə görə, bizə 3000-3500 manata kimi ziyan dəyib. Şübhələndiyimiz kimsə yoxdur, polislər barmaq izlərini götürüblər. Yəqin ki, oğru qısa zamanda tapılacaq".
Hadisədən xəbər tutan jurnalist dərhal polisə məlumat verib. Olay yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Onlar oğruların mənzildə buraxdıqları barmaq izlərini qeydə alıblar. Jurnalist eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, cinayətkarların tezliklə tapılmasını xahiş edib.
Qeyd edək ki, Binə qəsəbəsində son 10 gün ərzində 2 mənzil və bir ərzaq mağazasından oğurluq edilib. Sakinlər oğurluq hallarının artmasından narahat olduqlarını bildiriblər.