Pakistanda universitet qətliamı: "Taliban" onlarla tələbəni güllələdi
Pakistanda silahlı şəxslər Çarsadda şəhərində universitetə hücum edib. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, terrorçular auditoriyalara və yataqxana otaqlarına soxularaq atəş açıblar. Daha sonra isə iki partlayış törədiblər. Silahlı basqın zamanı universitetdə və yataqxanada 3 minədək tələbə olub.
Hücum nəticəsində 21 tələbənin öldürüldüyü, 50 nəfərin yaralandığı bildirilir. Yaralılardan ağır vəziyyətdə olanlar var.
Polis əvvəlcə terrorçuların 4 nəfər olduğunu bildirsə də, sonradan onlarının sayının daha çox olduğu təsdiqlənib.
Hücum zamanı kimya kafedrasının professoru da öldürülüb. Əlavə edilir ki, yüzlərlə tələbə hələ də universitetin ərazisindədir. Hadisə yerinə Paksitan Silahlı Qüvvələrinin dəstələri gəlib, hadisə rayonu üzərində vertolyot uçur. Atışma davam edir.
Xilasedicilər daha bir neçə nəfərin həlak olduğunu bildiriblər, lakin onların sayı dəqiq bilinmir.
Bəzi məlumatlara görə, hücum zamanı universitetdə poeziya müsabiqəsi keçirilirmiş, tədbirdə 600 qonaq qatılıb.
Hücuma görə "Taliban" məsuliyyəti üzərinə götürüb.