Samir Şərifov: "İpoteka məbləği artırıla bilər"
"İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq".
APA TV-nin məlumatın görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir.
"İlk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Çünki bu fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin və bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara bunu təqdim edə bilsin".
Samir Şərifov qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur.
"Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb".
Nazir dövlət büdcsiənin xərclər hissəsində lazımı düzəlişlər ediləcəyini də vurğulayıb.
"İlk növbədə bu onunla bağlıdır ki, bizim büdcə gəlirlərimiz hesablanan zaman söhbət 2016-cı il üçün təsdiq olunmuş büdcədən gedir. Büdcədə bir barel neft 50 dollardan götürülmüşdü. Hazırda isə qiymətlər xeyli aşağı səviyyədədir. Biz artıq büdcədə neftin qiymətini 25 dollardan götürməyi təklif edirik. Maliyyə Nazirliyi bu qiyməti təklif edir. Həm dövlət, həm də icmal büdcəsinin gəlirlərini nəzərə alaçağıq. Bununla bağlı büdcənin həm gəlirlər, həm də xərclər hissəsində müvafiq düzəlişlər ediləcək. İlk növbədə bildiyiniz kimi müəyyən qiymət artımı var ki, bu da manatın yeni məzənnə siyasəti ilə bağlıdır. Bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq".
Samir Şərifov qeyd edib ki, əmək haqlarının artırılması, eyni zamanda məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb.
"Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər büdcə dəyişikliklərində əksini tapmalıdır".
Samir Şərifov bildirib ki, ilk növbədə manatın yeni məzənnə siyasəti ilə bağlı qiymət artımının təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar nəzərdə tutulur.