Xələf Xələfov: "Astana sammitində Xəzərin hüquqi statusu razılaşdırıla bilər"
Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.
APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib.
Xələf Xələfov Astana sammiti öncəsi bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib.
O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq.
Nazir müavini bildirib ki, Həştərxanda keçirilən ötən Xəzər sammitində bəzi nümayəndə heyətlərinin rəhbərləri bildirdilər ki, ola bilsin, Astana sammitində Xəzərin hüquq statusu razılaşdırılsın. Bütün nümayəndə heyətlərinin bu istiqamətdə istəyi var və səylər göstərirlər.
"Həştərxan sammitində dövlət başçıları qərara gəliblər ki, 15 mil enində suverenlik, 10 mil enində balıqçılıq zonası müəyyən olunur. Qalan su səthi ümumi istifadədə olan su səthi sayılacaq" - deyə Xələf Xələfov qeyd edib.