Daşkəsəndə güclü külək yaşayış binasının dam örtüyünü uçurdu - TƏBİİ FƏLAKƏT
Daşkəsəndə ötən gecədən başlayaraq müşahidə olunan güclü külək binaların dam örtüyünə ciddi ziyan vurub. Səməd Vurğun küçəsində yerləşən 12 mənzilli yaşayış binasının dam örtüyü taxta konstruksiyalarla birgə uçub. Külək həmçinin rayon mərkəzi ilə Alunitdağ qəsəbəsində təxminən 8-yə yaxın iki mərtəbəli yaşayış binalarının dam örtüyünü dağıdıb. Küləyin surəti saniyədə 30 metrdən artıq olub.
Daşkəsən sakini Aqil Yusibov küləyin axşam saat 22.00 radələrində başladığını deyib: "Gecə saat 10-11 arası güclü külək oldu, burulğan şəkilində. Çöldən səs gəldi, çıxanda gördük ki, binanın damı uçub".
Daşkəsən rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, gecə saatlarında baş vermiş təbii fəlakət nəticəsində rayonda 2500-ə yaxın azbest şifer yerə düşərək yararsız hala düşüb. Həmçinin küləklə bərabər yağan qar bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsini kəsib.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin sözlərinə görə, təbii fəlakət rayonun enerji təsərrüfatına ciddi ziyan vurub: "Külək şəhərin elektrik dirəklərini aşırdıb, xətlərə ciddi ziyan dəyib. Hazırda şəhərin işıqsız qalan ərazilərinə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür".
Daşkəsən elektrik şəbəkəsinin rəisi Sahib Hüseynov külək nəticəsində naqillərə güclü ziyan dəydiyini deyib: "1-ci şəhər hava xəttində 6 kilovoltluq naqillərə güclü ziyan dəyib. Təbii fəlakət nəticəsində külək evin damını xətlərin üzərinə aşırdıb. Rayon mərkəzinin təxminən yarısına elektrik enerjisi verilmir. Günün ikinci yarısında elektrikin verilişi bərpa olunacaq".
Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün rayonun aidiyyəti qurumları tərəfindən təmizləmə işləri aparılır. Fövqəladə Hallar Komissiyasının əməkdaşları dəymiş ziyanı hesablayır.