Strateji obyekt olan metro binalarının qüsurları - REPORTAJ
Həyatda hər şeyin bir qiyməti, dəyəri var. Ömrün də, ölümün də. Amma milli-mənəvi dəyərlər dedikdə, ilk növbədə millətin, xalqın hamıya aid olan və hamıya təsir edən mənəvi-xarakterik cəhətləri yada düşür. Hələ çox qədimdən Bakı təкcə Qafqazda dеyil, bütün Yахın Şərqdə öz tarixinə görə qədim şəhərlərdən olub, bu şəhər müxtəlif dövrlərə aid çoxsaylı tarixi-memarlıq abidələri ilə seçilib. Bu abidələr Şərq və Qərb memarlığının üslublarını özündə yüksək səviyyədə qovuşdurduğundan həmişə cazibədar olub və Bakını dünya memarlığının mərkəzlərindən birinə çevirib. Vaxtilə Bakı milyonçuları tərəfindən tikdirilən yaşayış binaları, eləcə də özündə daha yaxın keçmişin memarlığını təcəssüm etdirən metro stansiyalarının binaları buna əyani sübutdur. “Nizami”, “Elmlər Akademiyası”, “28 may” metro stansiyalarının həm xarici, həm də daxili quruluşunda bir sıra tarixi gerçəkliklər əks olunub. “İçərişəhər”, “Koroğlu”, “Avtovağzal”, “Azadlıq”, “Nəsimi”... Bu stansiyaları bir ad altında ümumiləşdirmək olar. Yeni üslub və dizaynda olan metro stansiyalar. Qərb üslubunda inşa edilmiş, şüşə konstruksiyalardan ibarət bu binaları görəndə insanın ağlına ilk olaraq məhşur Luvr muzeyi gəlir. Bakıda bu üslubda tikilmiş ilk bina metronun “İçərişəhər” stansiyasının binası oldu. APA TV-nin məlumatına görə, mütəxəssislərin birmənalı yanaşmasına baxmayaraq, daha sonra “Azadlıq” metrostansiyasının şüşəli keçidləri inşa edildi. Bu sıranın nizamını isə “Nəsimi” stansiyası davam etdirdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində isə hesab edirlər ki, metro stansiya binalarının bu günki quruluşu Azərbaycan memarlıq məktəbinin get-gedə unudulmasına gətirib çıxara bilər. Eyni zamanda bu tip tikililər paytaxtın ümumi görünüşünə də mənfi təsir edir. Memar deyir ki, Şəhərsalma Məcəlləsinə əsasən, şəhərdə inşası planlaşdırılan istənilən dövlət əhəmiyyətli tikilinin layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməlidir. Həmin layihə Komitə tərəfindən müsbət rəy verildikdən sonra gerçəkləşdirilə bilər. Lakin son illər paytaxtda inşa edilən nəinki yaşayış binaları, eləcə də metro stansiyalarının binalarının tikintisi zamanı komitənin rəyi nəzərə alınmır. Memardan onu da öyrəndik ki, metro stansiyalarının layihəsinin işlənməsi zamanı xüsusi nüanslara diqqət etmək vacibdir. İlk növbədə əhalinin sıx yaşadığı ərazidə metronun giriş və çıxışlarının istismarı məqsədəuyğun hesab edilmir. Çünki günün müəyyən saatlarında əhalinin metrodan sıx-sıx istifadə etməsi problemlərə gətirib çıxara bilər. Stansiyaların üzərində binaların tikilməsi də memarlıq və arxitektura baxımından uyğun sayılmır. Memarlar ümumiyyətlə strateji obyekt hesab olunan metro binalarının giriş və çıxışlarının xüsusi işarələrlə tikilməsinin əleyhinədir. Belə ki, müharibə baş verəcəyi təqdirdə peykdən həmin binaların hədəfə alınması tamamilə mümkün hesab edilir. Bu səbəbdən də memarlar metro stansiyalarının daha sadə, diqqət cəlb etməyən tərzdə tikilməsini tərəfdarıdır. Bakı Metropoliteninin inşaat üzrə rəis müavini Rizvan Bayramov isə deyilən iradlarla razılaşmır. Qurum rəsmisi deyir ki, yeni tikilən metro stansiyalarının layihələndirilməsi zamanı Dövlət Memarlıq və Arxitektura Komitəsi tərəfindən onlara müraciət daxil olmayıb. O ki qaldı metro stansiyaları çıxışlarının üzərində hər hansı binaların tikilməsinə, metropoliten rəsmisi deyir ki, bu dünya təcrübəsində sınaqdan çıxarılmış üsuldur. “Sahil” metrosu üzərində inşa edilərək uğurla istismar edilən bina buna bariz nümunədir. Paytaxt sakinləri də yeni tikiləcək metro stansiyaların inşası zamanı milli ornametlərdən istifadə olunacağını ümid edir. Hər halda bir zamanlar paytaxtda şüşə konstruksiyalarla inşa edilən yaşayış binaları yerini tarixi memarlıq üslubunda tikilən binalara verdiyi kimi, gələcəkdə inşa edilən yeni üslublu metro stansiyalarının da özündə milli memarlıq nümunələrini əks etdirməsi ümidi ilə...