Azərbaycan prezidenti sanksiyaların götürülməsi münasibətilə İran prezidentini və xalqını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Davosda İran Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndianla görüşüb.
APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycanla İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb. Azərbaycan prezidenti bildirib ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə də bağlı geniş fikir mübadiləsi aparılıb, bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb.
Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirib ki, Azərbaycanla İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.
Görüşdə Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib. Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb.