“Mercedes”i ötmək istədi, yolayrıcısına çırpıldı

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Sumqayıt şosesində qeydə alınıb.

 

Xırdalan şəhərindən Bakının mərkəzinə doğru gələn istiqamətdə Hüseynov Elmar Elşad oğlunun idarə etdiyi “Mercedes” və Dursunov Ramil İlqar oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Toqquşmadan sonra “Mercedes” yolayrıcısına çırpılıb, daha sonra yolun əks istiqamətində təmir aparılan sahəyə düşüb.

 

Qəza nəticəsində "Mercedes"in sürücüsü Elmar Hüseynov ağır xəsarətlər alıb. Onun deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedicilər yaralını maşından çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər və o, xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya “Mercedes”in sürücünün sürət həddini aşması və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. "VAZ-2106"-nın sürücüsü bildirib ki, onun avtomobili yolun solu ilə hərəkətdə olub. “Mercedes”in sürücüsü isə məsafəni düzgün hesablamayıb və yüksək sürətlə "VAZ-2106"-nı ötmək istəyib. Lakin avtomobillə yolayrıcı beton piltə arasında məsafə az olduğundan, maşın həm betona, həm də "VAZ-2106"-ya çırpılıb.

 

Hadisəyə təyin olunmuş avtotexniki ekspertizanın nəticəsinə uyğun hüquqi qiymət veriləcək.

 

Müəllif | Apa.Tv