Gəncədə saxta araq satmaq istəyən şəxs tutuldu
Gəncə şəhərində istehlakçıları aldadaraq saxta, keyfiyyətsiz spirtli içki satmaq istəyən şəxs saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nın qərb bürosuna verilən xəbərə görə, Cinayət Axtarış İdarəsi əməkdaşlarının Ağdam rayonunun Şelli kənd sakini, hazırda Abşeron rayonunun Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Cəlal Mirzəyevin Gəncə və ətraf rayonlarda saxta və keyfiyyətsiz içki məhsulları və əmtəə nişanları satması barədə məlumata əsasən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.
Cəlal Mirzəyev, saxlanılan şəxs: “Mən özüm taksi sürücüsüyəm. Özüm də kasıb uşağam, qaçqın adamam. Mənə deyildi ki, sexdən mal götürüb aparacaqsan Şəmkirə, 60 manat da yol pulunu alacaqsan. Könüllü kəndində görüşüb malı verəcəkdim ona”.
Gəncə şəhər Baş Polis İdarəsinə gətirilən avtomobilə baxış zamanı maşının yük yerindən və salonundan 3 ədəd plastmas qabda 60 litr spirt, 357 ədəd müxtəlif markalı Rusiya araqlarının əmtəə nişanı olan boş şüşə, 218 ədəd tıxac və 26 ədəd rus aksiz markası aşkar edilərək götürülüb.
Yusif Məhərrəmov, təhqiqatçı: “Saxlanılan şəxs spirti Xırdalan qəsəbəsində atası İlqar Mirzəyevə məxsus şüşə sexindən atasının göstərişinə əsasən gətirərək, Şəmkir rayon sakini Vaqif adlı şəxsə çatdıracağın bildirib”.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.