Masazırda 38 yaşlı makleri maşın vurub öldürdü
Abşeron rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində qeydə alınıb.
Yolu keçən piyada, 38 yaşlı Mehdi Nuriyevi "VAZ-2107" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Dünyasını dəyişən Mehdi Nuriyev yaxınlıqda makler kimi fəaliyyət göstərirmiş.
Hadisəni törədən sürücü isə ərazidən yayınıb. Olay yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qəzanı törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalara başlayıblar.
Qəzanı törədən sürücü əvvəlcə hadisə yerindən qaçsa da, bir qədər sonra rayon Polis İdarəsinə gedərək təslim olub. Abşeron Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, 38 yaşlı kişinin ölümünə səbəb olan hadisəni 27 yaşlı Şahin Şakir oğlu Ələkbərov törədib.
Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır. Qəzanın yüksək sürət üzündən baş verdiyi ehtimal olunur.