Moldovada kütləvi iğtişaşlar: müxalifət tərəfdarları parlament binasını dağıtdı
Moldovanın paytaxtı Kişinyovda keçirilən etiraz aksiyası kütləvi iğtişaşlarla nəticələnib.
APA TV-nin məlumatına görə, ölkə parlamentində Pavel Filipin başçılığı ilə yeni hökumətin tərkibinin təsdiqlənməsindən sonra müxalifət tərəfdarları parlament binasına hücum ediblər.
Aksiya iştirakçıları polislə toqquşmadan sonra binaya daxil ola biliblər. Onlar iclas zalının yerləşdiyi ikinci mərtəbəyə qədər qalxıblar. Nümayişçilər deputatları ələ keçirməyə çalışıblar və parlament binasında bir neçə qapını sındırıblar.
Aksiya iştirakçıları uzun müddət binada qaldıqdan sonra oranı tərk ediblər. Polis müxalifətçilərin küçəyə çıxması üçün dəhliz yaradıb.
Son məlumata görə, toqquşmalar nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 9-u polis əməkdaşı, 6-sı isə mülki şəxslərdir. Xəsarət alanların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, Moldova hökumətinin tərkibi və baş nazirin namizədliyinin lehinə 101 deputatdan 57-si səs verib. Müxalifətçi deputatlar parlament tribunasını mühasirəyə alıblar və yeni baş nazir Pavel Filipin hökumətin yeni tərkibini, proqramını elan etməsinə imkan verməyiblər. Müxalif Sosialistlər Partiyası hökuməti qanunsuz hesab edir və ölkədə növbədənkənar seçkilərin keçirilməsini istəyir.
Moldovada siyasi böhran 2015-ci ilin sentyabrından davam edir. Müxalifətin korrupsiyada ittiham etdiyi Valeri Streltsov hökuməti oktyabrın 29-da parlamentdəki səsvermədən sonra istefaya getməyə məcbur olub.