Neftin qiyməti sürətlə 27 dollara yaxınlaşır - BÖHRAN DƏRİNLƏŞİR

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin bir barelinin qiyməti 27.71 dollar olub. Mart ayının sonu üçün bağlanan fyüçerslərdə WTİ markalı neftin bir barelinin qiyməti 28.16 dollardan müəyyənləşib. Ekspertlər neftin ucuzlaşma prosesinin bu gün və sabah davam edəcəyini proqnozlaşdırırlar. Amerika Neft İnstitutu dünən axşama gözlənilən hesabatı açıqlamağı təxirə salıb və buna səbəb kimi həftə ərzində iş günlərinin az olmasını göstərib. Qeyd olunan hesabat bu gün açıqlanacaq. “Reuters” agentliyinin analitiklər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, ABŞ-ın neft ehtiyatlarının bu həftə də nəzərəçarpacaq dərəcədə artacağı üzə çıxıb. Hesabat açıqlanmasa da, təkcə bu xəbər birjalarda neftin qiymətinin ucuzlaşmasını sürətləndirib. Əgər analitiklərin proqnozları Amerika Neft İnstitutunun və ABŞ Energetika Nazirliyinin ölkənin neft və benzin ehtiyatlarına dair hesabatları ilə üst-üstə düşsə, həftə sonuna kimi “qara qızıl”ın qiymətində yeni antirekordlar müəyyənləşəcəyi gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv