Fransa hökuməti İsveçrədəki 38 min bank hesabını araşdırır
Fransa hökuməti vergi qaçaqçıları ilə mübarizə çərçivəsində İsveçrənin UBS bankındakı hesabları araşdırmağa başlayıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, UBS bankında fransızlar tərəfindən açılan 38 min hesabın olduğu müəyyənləşdirilib. Bu hesablar vasitəsilə 2008-ci ildən bəri 12 milyard avro vergidən yayındırılaraq ölkə xaricinə çıxarılıb.
Fransanın nüfuzlu "La Point" nəşrinin məlumatına görə, bu hesablar barədə informasiyalar almaniyalı mütəxəssislərin səyləri və UBS Bankının şöbələrinə edilən basqınlar nəticəsində ələ keçirilib. Məlum olub ki, bank fransız müştərilərinin hesablarının son üç nömrəsini 111 olaraq kodlaşdırıb.
Maraqlıdır ki, bu hesabların hamısı zəngin adamlara məxsus deyil. Bir çox hesablarda 1000 avronu ötməyən vəsaitlər yerləşdirilib.