Ceyranbatanda saxta spirtli içki istehsal edən sex tapıldı
Respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə keyfiyyətsiz, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti və sənaye məhsullarının müəyyən edilərək satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
APA TV-nin xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki bağ massivi adlanan ərazidə mənzillərin birində spirtli içki sexi aşkar ediblər.
APA TV-nin məlumata görə, daxil olmuş məlumat əsasında Baş İdarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Səlim Əbdürrəhimovun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki bağ massivində qurduğu gizli sexə baxış zamanı külli miqdarda saxta “Zolotoe Koltso”, “Flaqman”, “Krepost”, “Qladius”, “Banketnaya”, “Maqnat” araqları, “Jack Daniels” və “Chivas” viskiləri, 300 litr keyfiyyətsiz spirt, 5000 ədəd saxta aksiz markaları və spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.
Araşdırmalarla S.Əbdürrəhimovun Laçın rayon sakinləri Rəşad Təhməzov, onun qardaşı Ramil Təhməzov və Abşeron rayon sakini Məzahir Əbdürrəhmanovla birlikdə saxta spirtli içkilər istehsal etməsi müəyyən edilib.
Məzahir Əbdürrəhmanov: "Kafelərdən boş araq qablarını yığırdım. Gətirib evdə düzəldib, bazar qiymətindən aşağı satırdım. Fikrim var idi rayonlara - Kürdəmirə, İmişliyə, Bərdəyə gedib kafelərə verim".
Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə yararsız olması məlum olub.
Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir.