Avropa Birliyi: PKK muxtariyyət fikrindən vaz keçməlidir
"PKK hücumları dayandırmalı, muxtariyyət fikrindən vaz keçməlidir". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri Avropa Birliyinin Avropa Qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han deyib.
"Cənub-şərqdəki vəziyyət" mövzusunda Avropa Parlamentində təşkil olunan iclasda danışan Han PKK-nın 2002-ci ildən bu yana AB-nin sanksiya siyahısında olduğunu bildirib. O, təşkilatın 2015-ci ildə qəbul olunan qərarla da eyni siyahıda yer almağa davam etdiyini və gələcəkdə də yer alacağını dilə gətirib.
"PKK Türkiyəyə qarşı hücumları dayandırmalı, cənub-şərqdəki bölgələrdə muxtariyyət elan etməkdən vazkeçməlidir" - deyə bildirən Han PKK təhdidini çox ciddiyə aldıqlarını vurğulayıb.
Onun sözlərinə görə, sülh prosesi və dialoq iflasa uğramamalı, eyni zamnada Türkiyə özünümüdafiə hüququndan istifadə edərkən demokratik dəyərlərə diqqət etməlidir. "Çözüm sürəci" onlarla insan ölümünə səbəb olan problemin ən yaxşı yoludur, - deyə Han bildirib.