Ombudsman Cəlilabadda seçki hüququ ilə bağlı tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova seçki hüququ ilə bağlı silsilə regional maarifləndirmə tədbirləri keçirib. APA TV-nin Cənub bürosunun məlumatına görə, növbəti belə tədbir Cəlilabadda baş tutub.

 

Cənub bölgəsinin 9 rayonunun dairə seçki komissiyaları və məntəqə sədrlərinin, icra strukturları nümayəndələrinin, hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə keçən tədbirdə məruzə ilə çıxış edən ombudsman ilk növbədə seçki ərəfəsində Azərbaycanın sosial-iqtisadi və siyasi durumuna nəzər yetirərək  oktyabrın 18-də ölkəmizin yeni tarixinin ən mühüm hadisələrindən olan müstəqilliyimizin 22-ci ildönümünün qeyd ediləcəyini  bildirib. Müvəkkil  bu dövrdə Azərbaycanın iqtisadi artım sürətinə görə dünya miqyasında ön sıralarda, MDB-də isə birinci yerdə gedərək islahatçı ölkə kimi tanındığını xüsusi qeyd edib. E.Süleymanova eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətini yüksək dəyərləndirib.

 

Ombudsman çıxışında həmçinin, Prezident seçkiləri ərəfəsində seçki hüquqlarının xüsusi əhəmiyyət kəsb etdiyini, seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu qeyd edib.

 

Tədbirdə E.Süleymanova ölkəmizdə digər hüquqlarla yanaşı, seçki hüquqlarının təmini vəziyyətinin də ombudsman tərəfindən diqqətdə saxlanıdığını və bu istiqamətdə monitorinqlərin aparıldığını diqqətə çatdıraraq  aparılan monitorinqlər prosesində aşkar olunan  nöqsanların MSK-nın diqqətinə çatdırıldığını qeyd edib.

 

Tədbirin sonunda ombudsman iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Müəllif | Apa.Tv