Çörək almaq üçün Kürü keçən çoban canından oldu - FACİƏ

Ağcabədi rayonunun Yastı yol adlanan ərazisində Kürdə batan şəxsin axtarışı 2 gündür müsbət nəticə vermir. APA TV-nin məlumatına görə, Laçın rayonundan məcburi köçkün olan 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlu yanvarın 19-da Kür çayında batıb. Şahidlərin sözlərinə görə,  Qiyas Kərimov çayının sağ sahilində mal otarırmış. O günorta çörək almaq üçün qayıqla qarşı tərəfə, Zərdab rayonunun Ləlağac kəndinə keçib. Və elə son gedişi də o olub.

 

Batan şəxsin qardaşı İlyas Kərimov hadisənin təfərrüatlarını belə danışıb: "Burada mal otarırdı. Qardaşım evdən çörək götürməyib. Qayıqla o taya keçib çörək alıb gəlmək istəyəndə suya düşüb. Mənə zəng vurdular ki, qardaşın yoxdur. Qayıq axıb gedib qardaşın içində yoxdur".

 

Fövqəladə Hallar nazirliyinin  Dövlət Sularda Xilasetmə Xidmətinin briqadası axtarışları davam etdirir. Qiyas Kərimovun ailəsi Fingə yatağında məskunlaşıb. 2 övladı  və həyat yoldaşı onun sağ qalmasına inanmasalar da, heç olmasa meyitinin tapılmasını istəyirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv