Azərbaycan prezidenti Pakistanın baş naziri ilə görüşdü

Yanvarın 21-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub.

 

APA TV-nin məlumatına görə, Azərbaycanla Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğulayıb, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.

 

Prezident İlham Əliyev Pakistanda universitetdə törədilmiş dəhşətli terror hadisəsi ilə bağlı baş nazir Məhəmməd Navaz Şərifə və dost ölkənin xalqına başsağlığı verib.

 

Baş nazir başsağlığına görə Azərbaycan prezidentinə minnətdarlıq edib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən Məhəmməd Navaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət hissi bəslədiyini bildirib.

 

Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Müəllif | Apa.Tv
Apa.tv