Səlim Müslümov: "Kredit öhdəliyi olanlar ünvanlı sosial yardım ala biləcək"
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Neftçala rayonunda Neftçala, Biləsuvar, Cəlilabad, Salyan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin olunması, bərpa müalicəsinə köməklik edilməsi, avtomobil növbəsinə dayanma üçün tibbi göstərişin verilməsi və s. məsələləri əhatə edib.
Müraciətlər nazirliyin aidiyyəti üzrə məsul şəxsləri ilə birgə obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb. Nazirin tapşırığına uyğun olaraq, müraciətləri əsasında iki nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib, ayrı-ayrı şəxslər bərpa müalicəsinə cəlb olunmaları üçün qeydiyyata götürülüb, bir qrup şəxsə isə məşğulluqlarının təmin olunması üçün münasib iş yerlərinə göndərişlər verilib.
Nazir qəbula gələn bir sıra vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, əlillik müayinələrinin aparılması, iş tapmaqda çətinlik çəkən şəxslərin yeni peşələrə yiyələnmələri üçün peşə hazırlığı kurslarına cəlb edilmələri və s. barədə göstərişlər də verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, ünvanlı sosial yardım verilən zaman istehlak kreditləri olanlara tətbiq olan məhdudiyyətlər aradan götürüləcək: "Yeni qaydalar yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Bu onunla bağlıdır ki, müəyyən qrup insanlar var ki, zamanında banklardan istehlak kreditləri götürüblər. Bu gün həmin kreditləri də qaytara bilmirlər, eyni zamanda ailənin gəlirləri çox aşağı olduğu üçün onların kredit öhdəlikləri həmin ailənin gəlirinin 50 faizindən yuxarı çıxır. Nəticədə onlar nə krediti ödəyə bilir, nə də bu səbəbdən ünvanlı sosial yardımı ala bilirlər. Bu da onların müəyyən qədər yaşam şəraitlərini xeyli çətinləşdirir. Ona görə ölkə prezidentinin tapşırığına əsasən bu məhdudiyyətlər ortadan qaldırılır ki, həqiqətən gəlirləri aşağı olan və yaşam şəraitində problemləri olan ailələr belə istehlak kreditləri olmalarına baxmayaraq, ünvanlı sosial yardım sisteminin üstünlüklərindən istifadə edə bilsinlər. Hazırda bu istiqamətdə işlər gedir və Nazirlər Kabinetinin müvafiq qərarı gözlənilir".