Yaroslavlda polis təqibindən qaçan azərbaycanlı avtoxuliqan ağır qəza törədib
Yaroslavlda Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin və Post Patrul Xidmətinin bütün heyəti azərbaycanlı avtoxuliqanın maşınını saxlamağa cəlb olunub. Polis yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə “Suzuki Qrand” markalı maşını saxlamağa cəhd edib. APA TV-nin məlumatına görə, sürücü polisə məhəl qoymayaraq yoluna davam edib. Maşının saxlanması üçün şəhərdə növbə çəkən bütün briqadalara göstəriş verilib. Polis maşınları saatda 150 kilometr sürətlə hərəkət edən maşını bir neçə dəfə saxlamağa cəhd etsələr də, sürücü qarşı yola çıxaraq təqibdən yaxa qurtarıb. Yol boyu bir neçə dəfə avtomobillər və polis maşınları üçün təhlükə yaşadan avtoxuliqan Semibratovo qəsəbəsində idarəetməni itirib. Nəticədə “Suzuki Qrand” yoldan çıxaraq bir neçə dəfə aşıb və alışmağa başlayıb. Polislər maşından iki kişi və bir qadını çıxarmağa müvəffəq olublar. Maşını söndürmək mümkün olmayıb, “Suzuki Qrand” külə dönüb. Qəza zamanı xəsarət alan olmayıb. Sürücünün 21 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyənləşib, faktla bağlı araşdırma aparılır.