ABŞ-da zorlamada təqsirləndirilən polisə 263 il həbs cəzası
ABŞ-da qadınlara təcavüz etməkdə təqsirləndirilən polis məmuru ümumilikdə 263 il həbs cəzasına məhkum edilib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, 29 yaşlı Daniel Holtzklou ona qarşı 36 epizod üzrə irəli sürülən ittihamın yalnız 18-də özünü təqsirli bilib.
Ötən ilin dekabr ayında başlanan məhkəmə zamanı 13 qadın Daniel Holtzklounun əleyhinə ifadə verib.
2013-2014-cü illər arasında dörd qadına təcavüz etdiyi, digərlərinə qarşı isə zorakı hərəkətlərə yol verdiyi müəyyənləşdirilən polisin qurbanlarının çoxu əsasən yoxsul və Afrika əsilli qadınlar olub. Bu əməllərinə görə Daniel Holtzklou 2015-ci ilin yanvar ayında polis orqanlarından qovulub.
Məhkəmədə ifadə verən qadınların bir çoxu daha əvvəl D.Holtzkloudan qorxduqları üçün başına gələnlər barəsində heç kimə danışmadıqlarını bildirib.
Qeyd edək ki, məhkumun vəkilləri artıq qərardan şikayət ediləcəyini açıqlayıb.