Şəmkirdə mağazaların qənimləri ələ keçdi

Şəmkir sakinləri Bəxtiyar Bilalov və Səməd Rzayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onlara məxsus mağazaların naməlum şəxslər tərəfindən qarət edildiyini bildiriblər.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hər iki obyektin bir-birinə yaxın ərazidə yerləşməsi və oğurluq faktlarının iki gün ərzində ard-arda baş verməsi polisdə cinayətin eyni şəxslər tərəfindən törədilməsi ehtimalını yaradıb. Çox keçməyib ki, bu gümanlar özünü doğruldub. Məlum olub ki, hər iki cinayəti 22 yaşlı Şəmkir sakinləri törədiblər.

 

Şəmkir Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki oğurluq hadisəsinin Şəmkir şəhər sakinləri - 1994-cü il təvəllüdlü Emin Səfərli və Fərdi Mustafazadə tərəfindən törədilməsi müəyyən edilib. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılıb.

 

Saxlanılan şəxslər mağazalardan müxtəlif markalı mobil telefonlar və onların aksesuarlarını, eləcə də nağd pul oğurlayıblar. Pulu dərhal öz aralarında bölsələr də, digər qənimətlərdən xeyir götürə bilməyiblər.

 

Emin Səfərli, saxlanılan şəxs: "Gecə parkda oturmuşduq. Orada təyin etdik ki, oğurluq edək. Bundan sonra qərarlaşıb gecə saat 3 radələrində əməlimizi yerinə yetirdik".

 

Fərid Mustafazadə, saxlanılan şəxs: "Eminlə getdik telefon mağazasına, qapını açıb içəri daxil olduq. Oradan pul və telefonları götürüb çıxdıq".

 

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır. Həmin şəxslərin digər oğurluq faktlarında iştirakı araşdırılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli