ANS-in “Hesabat” proqramının yayımı dayandırıldı
Yanvarın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. Şuranın qərarı ilə “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev qərara münasibət bildirib. O, keçirdiyi mətbuat konfransında deyib ki, MTRŞ ANS-in fəaliyyətini, bütün addımların qarabaqara izləmək yolunu tutub. Mirşahin Ağayevin sözlərinə görə, MTRŞ-nın ANS-ə olan qərəzini hiss etməmək mümkün deyil.
ANS-in baş direktoru bildirib ki, MTRŞ başqa kanallara xəbərdarlıqlar etsə də, daha çox ANS cəzalandırılır: “Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) qəranını ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmaması, işgüzar nüfuzun ləkələnməsinə yol verilməsi, faktlar və hadisələrin ədalətli şərh olunmaması, birtərəfliliyə yol verilməsi ilə əsaslandırıb.