Prezident İlham Əliyev İsveçrə və Ukrayna prezidentləri ilə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib.
APA TV-nin xəbərinə görə, prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının prezidenti Yohan Şnayder-Ammanla görüşündə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb.
Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib.
Azərbaycan prezidenti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə də görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Söhbət zamanı əlaqələrin intensivləşdirilməsi, qarşıya çıxan məsələlərlə bağlı məsləhətləşmələrin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan rezidenti İlham Əliyevin Ukrayna prezidenti Petro Poroşenko ilə görüşündə isə Azərbaycanla Ukrayna arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.