Paytaxtda tikintidə ölüm: fəhlə 4-cü mərtəbədən yıxıldı

Bakıda fəhlə işlədiyi tikintinin 4-cü mərtəbəsindən yıxılaraq ölüb. APA TV-nin məlumatına görə, bədbəxt hadisə ötən axşam paytaxtın Sabunçu rayonu ərazisində, Əslidar Məmmədəliyev küçəsində baş verib.

 

Həmin ünvanda 67 saylı tam orta məktəb üçün əlavə korpus tikilir. Tikintidə fəhlə işləyən 63 yaşlı Zakir Sibili 4-cü mərtəbədən yıxılıb. Ağır yaralanan fəhlə iş yoldaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan və daxili qanaxma diaqnozu qoyulan Zakir Sibilinin həyatını xilas etmək mümkün olmayıb və o, əməliyyat zamanı dünyasını dəyişib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, məktəb binasının tikintisi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sifarişi ilə “Azəraqrartikinti” şirkəti tərəfindən aparılır.

 

Müəllif | Apa.Tv