Neftin qiyməti 32 dolları keçdi, “Brent” son iki gündə 20 faiz bahalaşdı
“Brent” markalı neft həftəni 32.18 dollarla başa vurub. APA TV-nin məlumatına görə, son iki gün ərzində birjalarda neftin qiyməti 20 faiz bahalaşıb.
Təkcə bir gün ərzində “Brent” markalı neft 2,93 dollar dəyər qazanıb. Son seansların yekunundan sonra artım tendensiyasının hələ davam edəcəyini təxmin edənlərin sayı da artıb. Əksər analitiklər qiymətlərin mərhələli şəkildə 42 dollaradək qalxacağını və sonra bu qiymət ətrafında sabitləşəcəyini düşünür.
“Brent”lə yanaşı, WTI markalı neft də bahalaşır. Bu həftə ənənəvi rəqibindən qabaqda olan Qərbi Texas nefti “Brent”lə ara məsafəni həftə sonunadək qorumağı bacarıb. Son seanslarda mart fyüçersləri üçün WTI neftinin bir barelinin qiyməti 32,25 dollardan müəyyənləşib. Həftə sonu dünya bazarında qızıl, gümüş, palladium və təbii qazın qiymətində ucuzlaşma olub, qiymətli metallar sırasında yeganə dəyər qazanan isə platindir.