Azərbaycanda 475 yol polisi əməkdaşı cəzalandırıldı
Bu ilin 6 ayı ərzində Azərbaycanda 475 yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Bu barədə APA TV-yə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onlardan 40 nəfəri insan hüquqlarının pozulması hallarına, 28-i korrupsiya hüquqpozmalarına yol verdiyinə görə cəzalanıb. Ümumilikdə 17 yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib. 11 nəfər isə tutduğu vəzifədən azad edilib.
DYP rəsmisi bildirib ki, yol polisinin vətəndaşla kobud münasibətinin, eləcə də bu və digər halların qarşısını almaq üçün ciddi addımlar atılır. Eyni zamanda, yol polisi əməkdaşları ilə bağlı yayılan hər hansı video görüntü DYP rəhbərliyi tərəfindən araşdırılaraq tədbir görülür. Günahı olanların cəzalandırılması qaçılmazdır.
Kamran Əliyevin sözlərinə görə, bu cür neqativ halların aşkarlanıb tədbir görülməsi üçün təxminən 2 ilə yaxındır yol patrul xidməti avtomaşınlarından videokameralar quraşdırılıb. Eləcə də, yol patrul xidməti əməkdaşı vətəndaşla təmasda olarkən onların danışığı YPX əməkdaşının yaxasındakı qara qutu vasitəsilə qeydə alınır.
Kamran Əliyev işini bilməyən yol polis əməkdaşlarına xəbərdarlıq edərək onları sürücülərlə münasibətdə etik qaydaları gözləməyə çağırıb.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə yol polisi əməkdaşlarının qanunsuz əməllərini əks etdirən bir sıra video görüntülər yayılır. Həmin görüntüləri yayanlar bəzi hallarda yol polisi rəhbərliyini bu cür faktlara qarşı diqqətsiz yanaşmaqda ittiham edirlər.