Kamçatka aeroportunda 20 yaşlı azərbaycanlı qətlə yetirilib
Rusiya hüquq-mühafizə orqanları Kamçatka aeroportunda Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə bağlı cinayətin üstünün açılması üçün yerli sakinlərdən kömək istəyiblər. APA TV-nin məlumatına görə, qeyd olunan cinayət hadisəsi aeroportun parkında baş verib. 20 yaşlı azərbaycanlı sevgilisi ilə parkda söhbət edirmiş, bu zaman adı açıqlanmayan 37 yaşlı Elizovo şəhər sakini onların yanında əyləşib. Azərbaycanlı kişidən bir qədər kənarda oturmağı xahiş edib, həmin şəxs heç bir söz demədən cibindən bıçağı çıxararaq soydaşımıza bir neçə zərbə endirib. Ağır yaralanmış azərbaycanlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən şəxs həbs olunub, şahidlər istintaqa verdikləri ifadədə azərbaycanlının həmin şəxslə çox nəzakətli davrandığını, lakin reaksiyanın adekvat olmadığını bildiriblər. Rusiya Təhqiqat Komitəsinin yerli idarəsinin nümayəndəsi Elena Matafonova cinayətdə istifadə olunan bıçağın tapılmadığını, qatilin işdə əsas əşyayi-dəlil olan bıçağı atdığını bildirib. O, yerli mətbuat vasitəsilə sakinlərdən cinayət alətini tapdıqları halda yerli hüquq-mühafizə orqanlarına xəbər vermələrini xahiş edib.