MTRŞ ANS-də “Hesabat” verilişinin yayımını bərpa etdi
"ANS kanalı ilə bağlı Milli Televiziya və Radio Şurasının verdiyi bütün qərarlar qanuna əsaslanır. Məhz bunun nəticəsidir ki, bu gün təkcə ANS kanalında deyil, digər telekanallarda da ötən illərlə müqayisədə qanun pozuntuları minimuma endirilib və demək olar ki, yox dərəcəsindədir. Hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının yeritdiyi bu siyasət doğru siyasətdir”.
APA TV-nin xəbərinə görə, bu fikirləri Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq "Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırılıb: “Fakt odur ki, ANS telekanalında yayımlanan "Hesabat" verilişində bizim Şuranın ünvanına yönəldilən siyasəti doğru qəbul etməmişik və mövqeyimizi hüquqi müstəvidə sübut etməyə hazırıq. Burada məsələ dövlət orqanına qarşı inamsızlığın yaradılmasından gedir. Bu, böhtan atmaq, işgüzar nüfuza ziyan vurmaq və əhali arasında dövlət orqanları ilə bağlı çaşqınlıq yaratmaqdır. Bununla bağlı sözügedən verişin dayandırılması ilə bağlı qərar verdik. Amma indi həssas bir dönəmin olduğunu nəzərə aldıq. Telekanalın əməkdaşı da bu gün buradadır, bizə də xoş olmayan bir məlumat eşitdik. Buna görə biz də üzülürük, Allah hər birinə şəfa versin. Bu həssas dönəmi nəzər alıb, "Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırdıq. Burada bəzi səmimi etirafları da nəzərə almışıq”.
ANS televiziyasının serial çəkilişinə ayrılan vəsaitlərlə bağlı iddialarına gəldikdə, Nuşirəvan Məhərrəmli bu iddiaları təkzib edib və bildirib ki, MTRŞ-nın heç bir telekanala qarşı qərəzi yoxdur: "O ki, qaldı ANS telekanalı ilə bağlı verdiyimiz qərara və bizə qarşı ünvanlanmış iradlara, bir daha bildiririk ki, Şura istər teleseriallarla bağlı, istərsə də sözü gedən telekanalla bağlı qərəzli mövqe nümayiş etdirilməsi iddiasını qətiyyətlə rədd edir. Bu iddialar tamamilə doğru deyil. Şuraya 5 milyon və 6 milyon manat olmaqla, ümumilikdə 11 milyon manat vəsait ayrılıb. Serialların çəkilişi üçün nəzərdə tutulan vəsait qəpiyinədək televiziya kanalları arasında bərabər bölünüb. Eyni zamanda MRTŞ tərəfindən ANS telekanalına 1 milyon 760 min manat pul köçürülüb. Serial çəkilişi üçün "Lider" telekanalına 1,8 milyon manat, "Space" telekanalına 1,8 milyon manat ayrılıb. 2015-ci ildə isə “Region” telekanalına 550 min manat vəsait ayrılıb. Telekanal gec yarandığı üçün daha az vəsait verilib. Bu, bizim seriallarla bağlı hesabatımızdır”.
Şura sədri əlavə edib ki, MTRŞ serial çəkilişi ilə əlaqədar müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə ANS və İctimai Televiziyanı məhkəməyə verib: “Abşeron” serialının çəkilişi ilə bağlı ANS-ə 200 min manat vəsait verilməli idi. Birinci mərhələdə 60 min, ikinci mərhələdə 100 min, üçüncü mərhələdə isə 40 min manat ödənilməli idi. ANS telekanalı bu işə məsuliyyətsiz yanaşdı. “Abşeron” serialının adının dəyişdirilməsi üçün bizə müraciət etdilər. Biz də onları məhkəməyə verdik. Bu dediklərim onların 40 min manatla bağlı iradlarına cavabdır”.
Şura sədri sonra qeyd edib ki, "Space" kanalında yayımlanan "Sevimli şou" verilişinin də bağlanması barədə qərar verilib: "Biz şou verilişlərinin tam əleyhinə deyilik. Amma indi efirə verilən şou verilişləri bayağı lətifələr üzərində qurulur".
N.Məhərrəmli bildirib ki, "Sevimli şou" verilişinin formatı və aparıcısı dəyişdiriləcək.