Lənkəranda mağazanı yardılar

Lənkəranda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Separadi kənd sakini, 43 yaşlı Səbuhi Aftandil oğlu Əliyev Lənkəran Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək, ona məxsus ərzaq və təsərrüfat malları mağazasından gecə saatlarında oğurluq olunduğunu bildirib.

 

Səbuhi Əliyevin sözlərinə görə, səhər vaxtı mağazaya gələrkən qapının sınmış, içərinin isə alt-üst olduğunu görüb. Naməlum şəxs və ya şəxslər mağazanın qapısının qıfılını dəmir alətlə sındıraraq içəridəki seyfdən 400 manat pul və müxtəlif növ ərzaq, təsərrüfat məhsullarını aparıblar. Həmçinin ticarət obyektinin pəncərəsinin şüşələri sındırılıb. Ümumilikdə isə mağaza sahibinə 2000 manatdan çox maddi ziyan dəyib: "Gecə vaxtı gəliblər. Axşam saat 9-da mən mağazanı bağlayıb evə getdim. Səhər tezdən mənə dedilər ki, mağazanın qapısı açıqdır. Gəldim gördüm mağazamı qarət ediblər. Ümumilikdə mənə 2 min manatdan çox ziyan vurublar".

 

Polis əməkdaşları hadisə yerinə gələrək, istintaq üçün zəruri olan barmaq izlərini qeydə alıblar. Faktla bağlı Lənkəran RPŞ-də cinayət işi açılıb, oğurluq faktının üstünün açılması istiqamətində tədbirlər davam etdirilir.

 

Müəllif | Apa.Tv