Zaqatalada ikimərtəbəli ev yandı
Zaqatalada fərdi yaşayış evində yanğın olub. APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın ötən gün axşam saatlarında rayonun Bəhmətli kənd sakini Sahib Uluxanova məxsus ümumi sahəsi 370 kv. m olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində evin 1-ci mərtəbəsində mətbəxin, dəhlizin və hamam otağının yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanaraq yararsız hala düşüb. Evə bitişik altıaçıq tipli yardımçı tikilidə ev sahibinə məxsus "VAZ-21011" markalı avtomobilə də ziyan dəyib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.