Gənclər “Nifrət Nitqinə Yox” deyirlər

Bakıda Avropa Şurasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Nifrət Nitqinə Yox Hərəkatı” adlı beynəlxalq forum başlayıb. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın gənclər ölkəsi olduğunu və əhalinin 66 faizinin 35 yaşa kimi gənclər təşkil etdiyini deyib. Nazir bu tədbirin Azərbaycanda ilk dəfə keçirildiyini xatırladıb.

 

Daha sonra çıxış edən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə “Nifrət Nitqinə Yox Hərəkatı”nda 47 Avropa ölkəsinin iştirak etdiyini və Azərbaycanın da bu ilin aprelindən qoşulduğunu deyib. Onun sözlərinə görə, Ermənistanın Avropa Şurasında nazirlik səviyyəsində sədrlik etdiyi bir dövrdə tədbirin məhz Azərbaycanda keçirilməsi əlamətdar faktordur.

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov Azərbaycanın tolerantlıq nümunəsi olmasından və gənclərin fəaliyyətindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan unikal ölkədir, Avropa ilə Asiya arasında strateji mövqedə yerləşir. Ölkəmiz  eyni zamanda Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və Azərbaycanda bütün dinlər eyni şəraitdə və mehriban ünsiyyətdə yaşayır.

 

Tədbirdə Avropa Şurası Təhsil və Təlim Komitəsinin sədri Rui Gomes də çıxış edib.

 

Qeyd edək ki, konfrans sentyabrın 29-na kimi davam edəcək.

Müəllif | Apa.Tv