Havalar soyuyur, yollar buz bağlayacaq - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.

 

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır.

 

Onun sözlərinə görə, texniki cəhətdən nasaz olan, əsasən şinlərinin zehləri yeyilmiş avtomobillərin sürücülərdən, eləcə də təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, qarlı-çovğunlu günlərdə nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməsinlər. Buzlu yolda hərəkət edərkən yola çıxmazdan əvvəl avtomobilin əyləc və sükan sistemlərini, təkərlərin vəziyyəti yoxlanılmalıdır. Sürücülərdən tələb olunur ki, hərəkət sürətini, digər avtomobillərlə ara məsafəsini yol örtüyündən və hava şəraitindən asılı olaraq düzgün seçsinlər.

 

Kamran Əliyev qeyd edib ki, hazırda magistral yollarda qar olsa da, bu, nəqliyyatın hərəkətində məhdudiyyət yaratmayıb və respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

Müəllif | Apa.Tv
Apa.tv