Qaxda ağaca çırpılan maşın yandı
Qaxda ağaca çırpılan minik avtomobili yanıb.
APA TV-nin məlumatına görə, hadisə bu gün saat 12:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Qarabaldır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonunun Şəki kənd sakini, 1992-ci il təvəllüdlü İbrahim Yasin oğlu Xəlilovun idarə etdiyi “VAZ-21015” markalı, 33 BE 715 dövlət nömrə nişanlı minik avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra maşın yanmağa başlayıb.
Kənd sakinləri sürücünü yanan avtomobildən çıxarmağa nail olublar. Sürücü Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan APA TV-yə bildirilib ki, zərərçəkmiş cərrahiyə şöbəsinə yerləşdirilib. İ.Xəlilov hər iki əlindən yanıq xəsarəti alıb, vəziyyəti orta-stabil hesab edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobil yararsız hala düşüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.