Lənkəran: 20 Yanvardan 5 gün sonra - REPORTAJ

Sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğınları beş gün sonra Lənkəranda, Haftonu meşələrində təkrarladı, dinc sakinlər qanına qəltan edildilər.

 

Lənkəran torpağının vətənpərvər oğulları 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində də əsl hünər nümunəsi göstərərək, Bakıya soxulmuş qırmızı imperiyanın qoşunu qarşısından qaçmayıb, sinələrini yurda sipər etdilər. Onlardan Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı oldular.

 

Yanvarın 22-də isə Sovet Ordusunun bəzi hissələri Lənkəran şəhərini mühasirəyə aldılar. Qeyri-dəqiq məlumata görə, bu əməliyyatda 2 mindən çox hərbçi iştirak edirdi. Paytaxt Bakıda 130-dan çox, Neftçalada isə 2 nəfəri qətlə yetirən qaniçən ordunun növbəti hədəfi Lənkəran idi.

 

Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Əslində imperiya qoşunlarının Lənkəranı hədəfə alması təsadüfi deyildi. 1990-cı il yanvarın 11-də Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Bütün xalq ayağa qalxmışdı. Şəhərin mərkəzi meydanında keçirilən mitinqlərdə hökumət ermənipərəst mövqe tutmaqda günahlandırılırdı. Kommunist Partiyasının üzvləri biletlərindən imtina edirdilər. Yanvarın 20-də Bakıda törədilən qanlı faciə vəziyyəti daha kəskin həddə çatdırdı. Milli Ordunun yaradılması istəyi ortaya çıxdı. Rus hərbçilərinin özbaşınalıqlarına qarşı çıxan yüzədək könüllü adi ov silahları ilə də olsa, onlara müqavimət göstərməyə çalışırdı. Əsas məqsəd hərbiçiləri şəhərdən uzaqlaşdırmaqla nahaq qanın tökülməsinin qarşısını almaq idi.

 

Rahim Nuriyev, hadisələrin iştirakçısı: "Şəhərdə camaatın başı üzərində, ağacların üstündən vertolyotların dövrə vurub vahimə yaratması və şəhərə salınmış BTR-lərlə əhalinin qorxudulması, bütün bunlar təxribat idi. Sonda da Haftoni meşələrinə çəkilmiş könüllü dəstəyə qarşı qoşun yeridilməsi nəticəsində 5 nəfər öldürüldü, 1 nəfəri isə vertolyotda apararkən boğub qətlə yetirdilər".

 

Haftoni meşəliyində qüvvələrin qeyri-bərabərliyi şəraitində keçən döyüş zamanı Lənkəran rayon sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov həlak olublar.

 

Hadisələrin iştirakçısı Rafiq Rüstəmlinin sözlərinə görə, sonrakı mərhələdə imperiya qoşunlarının silahlıları 16 nəfər lənkəranlı gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxlayıblar. Onlardan da bir nəfər - Tariyel Abdullayev Ulyanovska aparılarkən vertolyotdaca boğularaq öldürülüb.

 

Rafiq Rüstəmli, hadisələrin iştirakçısı: "Yanvarın 25-də eşitmişdik ki, xüsusi təyinatlı qoşunlar Lənkərana gəlirlər. Biz fikirləşdik ki, şəhərdə qırğın olmasın deyə, dağlara çəkildik. Yanvarın 26-da səhər saat 9:00 radələrində atışma başladı. Bizdən 5 nəfəri öldürdülər. Həlak olanları öz çiyinlərimizdə gətirib dəfn etdik. Digər bir yoldaşımızın - Tariyel Abdullayevin boynuna isə vertolyotda telefon məftili dolayaraq boğdular".

 

Rahim Nuriyev, hadisələrin iştirakçısı: "Qorbaçov siyasətinin, Qorbaçov rejiminin mahiyyəti ermənipərəstlik idi, onları dəstəkləmək idi. Azərbaycan bu məsələdə tək idi. Yalnız özünə güvənməli idi, özünə də güvəndi".

 

O günlərin hadisələri hər birimizin yaddaşında kədərli notlar kimi bu gün də səslənir və heç vaxt unudulmayacaq. 20 Yanvar şəhidləri ilə bərabər, 26 yanvar hadisələri zamanı həlak olmuş 6 nəfərin də adı Lənkəran şəhərinin girişindəki Şəhidlər Xiyabanında əbədiləşdirilib. 26 ildir ki, yerli sakinlər bu müqəddəs məkanı ziyarət etməklə, Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini daim əziz tuturlar.

 

Müəllif | Apa.Tv