Gələn il qəbul imtahanlarında yeniliklər olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013/2014-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatıb. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi yekun mətbuat konfransında dedi ki, bu il buraxılış imtahanlarında 9-cu siniflər üzrə 117275 nəfər, 11-ci siniflər üzrə 86632 nəfər iştirak edib. Buraxılış imtahanlarında 9-cu siniflər üzrə 68497 (58,141%), 11-ci siniflər üzrə isə 62494 (72,14%) hər iki fənn üzrə müvəffəq qiymət alıb.

 

Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 720 nəfər iştirak edib. Ali məktəblərə qəbul planı 92,76 faiz dolub.

 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul imtahanının ilk mərhələsində 21078 nəfər bakalavr iştirak edib, magistraturaya qəbul planı 79,86 faiz dolub.

 

Məleykə Abbaszadə qeyd etdi ki,gələn ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilmə tarixlərində dəyişikliklər edilib. 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək: "Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay prosesində daha çevik keçirə biləcəyik”.

 

Sədr bildirdi ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Müəyyən fənlər əvvəldən elan ediləcək və şagirdlərin onlardan 2-3-nü seçmək imkanı olacaq: "Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Biologiya”, “Kimya”, “Fizika”, xarici dil daxil ediləcək”.

 

2014-cü ilin 9-cu sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə, istəsələr, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunacaqlar. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək.

 

Tədbirdə TQDK hər il jurnalistlər araslnda ənənəvi olaraq keçirdiyi müsabiqənin qalibləri də mükafatlandırıldı.Mükafatlandırılanlar arasında APA İnformasiya Agentliyinin əməkdaşı da vardı.

Müəllif | Apa.Tv
Almaz Qasımova