Laçın obalarında qəribə hadisə: oğrular bəylə gəlinin şəkli üstünə bıçaq qoydular

Laçının sakininin avtomobilinin müəmmalı şəkildə yanması daha əvvəl baş vermiş cinayətləri yenidən gündəmə gətirib.

 

APA TV-nin Qarabağ müxbiri xəbər verir ki, hadisə laçınlıların kompakt yaşadığı Laçın obalarının Qarakeçdi yatağında qeydə alınıb.

 

Məcburi köçkün Xanəli Verdiyevə məxsus maşın ayrı-ayrı vaxtlarda iki dəfə yanıb. Bu dəfə maşının yanmasını ona qonşular xəbər verib.

 

Xanəli Verdiyevin "VAZ-21015" markalı maşını birinci dəfə 2014-cü ilin sentyabr ayında yanıb. O vaxt avtotexniki ekspertiza nəticəsində yanğına maşının elektrik sistemində yaranan nasazlığın səbəb olduğu deyilib. Daha sonra hadisələr üst-üstə yaşanıb. Ötən ilin avqustunda isə eyni yataqda yaşayan əmisi və dayısı uşaqlarının evlərinin qapı-pəncərəsi qırılaraq qarət olunub. Ən maraqlı məqam isə odur ki, evə daxil olan şəxs və ya şəxslər bəzi əşyaları oğurlayarkən evin girişinə 2 içki qədəhi qoyduqdan sonra yeni ailə qurmuş bəylə gəlinin toy şəklinin üzərinə mətbəx bıçağı qoyaraq evi tərk ediblər. Xanəli Verdiyevin “Mercedes-Benz” markalı maşının da yanması oba sakinlərinin narahatlığına səbəb olub.

 

Laçın Rayon Polis Şöbəsindən APA TV-yə hadisə ilə bağlı istintaq qrupunun yaradıldığı və təhqiqatın davam etdiyi bildirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv