Saxlanılan şəxs: "Novxanıdan 1 kilo marixuana tapmışdıq, 1200 manata satmaq istədik"
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib.
APA TV-nin xəbərinə görə, nəticədə yaşadığı evdə odlu silah gizlədən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş Orxan Hümbətəliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində O.Hümbətəliyevin Nərimanov rayonunda yaşadığı ünvana baxış zamanı oradan “TT” markalı tapança və ona aid 6 ədəd patron aşkar edilərək götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Paytaxt sakinləri Rövşən Kazımov və Fərid Səfərzadə 1 kiloqramdan artıq marixuananı Bakı şəhəri ərazisində 1200 manata satmaq istəyən zaman saxlanılıblar.
Rövşən Kazımov, saxlanılan şəxs: “Novxanıdan 1 kilo marixuana tapdım. Onu Fəridlə Nərimanov rayonunda 1200 manata satarkən tutulduq”.
Fərid Səfərzadə, saxlanılan şəxs: “Dəniz kənarından, Novxanıdan 1 kilo marixuana tapmışdıq. Rövşənlə Nərimanov rayonunda satarkən polis tərəfindən yaxalanmışıq”.
Faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.