Cəlilabad sakini Xırdalanda 10 kq narkotiklə yaxalandı

Abşeron polisi dövriyyədən külli miqdarda narkotik maddə çıxarıb. APA TV-nin məlumatına görə, rayon polis idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, 42 yaşlı Əliyev Rasim Bəybala oğlu elə iş başında saxlanılıb.

 

Rasim Əliyev Xırdalan şəhəri ərazisində gizlədilən 10 kiloqramdan çox narkotik vasitəni götürərkən tutulub. Polis idarəsinə gətirilən saxlanılan şəxsin əlindəki qara rəngli sellofan torbadan 7,5 kiloqram tiryək və 3 kiloqramdan artıq qurudulmuş marixuana çıxıb. Rasim Əliyev dindirmə zamanı bu qədər narkotik vasitəni satış məqsədilə əldə etmədiyini və əvvəlcədən tanıdığı İran vətəndaşına sifariş etdiyini deyib: “Gəldim daşın altına baxdım, heç nə yox idi. Gördüm böyürdə yekə bir şey var. Ora yaxınlaşanda polis əməkdaşları mənə yaxınlaşdılar. Dedilər bu nədir. Cavab verdim ki, bura gələn nəyə gələr. Məmuru niyə aldadım ki? Dedim ki, belə belə, mənə 50 qram demişdi, bu boyda çıxdı. Bilsəydim ki, ora 10 kilo qoyub, heç getməzdim”.

 

Narkotik maddələrə meylli olduğunu deyən Rasim Əliyev səhhətindəki problemləri əsas gətirərək onları dərman kimi qəbul etdiyini bildirib: “1 il yarım-2 il... Ciyərim hepatitdir. Dərman atmışam. Tiryək az atmışam. Ağrıkəsici dərmanlar atırdım. Mənim kağızım da var”.

 

Fakt üzrə Abşeron polisində zəruri istintaq hərəkətləri davam etdirilir. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv