1000 seçki məntəqəsində kamera quraşdırılıb

Mərkəzi Seçki Komissiyasının prezident seçkiləri ilə bağlı İKT-nin tətbiqində məqsədi şəffaflığın artırılmasıdır. APA TV-nin məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qurumda yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlığı zamanı deyib ki, MSK-da yaradılan şərait seçki prosesində yarana biləcək problemlərin dərhal aradan qaldırılmasında vacib rol oynacaq.

 

Yaradılan veb-kameralara texniki nəzarət mərkəzi barədə  danışan nazir müavini İltimas Məmmədov deyib ki, ölkə üzrə 5274 seçki məntəqəsinin hamısı telefonlaşdırılıb və optik rabitə xətti ilə təmin edilib. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov mərkəzin səsvermə günü iş rafiki haqqında danışıb. O əlavə edib ki, bu seçkilərdə seçici siyahıları ilə bağlı mərkəzə 4035 müraciət daxil olub. Bunlardan 355 müraciət anonim olduğundan onlara baxılması mümkün olmayıb.

 

Məzahir Pənahov isə bildirib ki, MSK-da müasir İKT sisteminin tətbiqi genişləndirilib. Səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib.

 

Müəllif | Apa.Tv